
"25.10.25 - 25.10.26. Bir yaş daha... Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur".
AVESTA.AZ xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb.
O, Bakıda yaşadıqlarını belə şərh edib:
"Ötən ilin oktyabrında Bakıda yaşamağa başlayaraq yeni bir macəraya qədəm qoydum. Ev sahibi olmaq da qismət oldu. Allah bunu istəyən hər kəsə nəsib etsin. Hər kəsə evinə rahatlıqla yerləşməyi, doğmaları ilə sağlam, hüzurlu həyat sürməyi də qismət etsin.
Bu il bəzən yoruldum, bəzən də "Görəsən, necə olacaq?" deyə düşündüm. Çalışdıqca öyrəndim. Bir ev qurarkən öz səbrimi və gücümü də tanıdım. İnsan bəzən çətinlik çəkmədən bəzi həqiqətləri dərk edə bilmir. Allahın verdiyi ağlı və düşünmə qabiliyyətini düzgün istifadə etməyi də təcrübə ilə öyrənirmiş. Şər hesab etdiyimizdə xeyir ola bilər, xeyir sandığımız isə bizi sınağa çəkə bilər. Bəzi şeyləri yalnız zaman keçdikdən sonra anlayırıq.
Ən böyük şükürüm ailəmədir... Atam, anam, bacım, yeznəm, qardaşım, gəlinimiz... Bir də dörd dəyərli bacı-qardaş övladım. Ən böyüyü Nazarım həm bacımın qızı, həm ən yaxın dostum, həm də yol yoldaşım... Ən kiçiyimiz Əlirəhmanım, bibisinin quzusu... Hamınızın ən gözəl, ən xoş günlərini görək. Yaxşı ki, varsınız.
Anamla atam mənim də öz ailəmi qurmağımı istəyirlər. Mən də istəyərəm... Amma onlar da bilirlər ki, sevgi olmadan, eşq olmadan bu, mümkün deyil. Niyyətimiz bəllidir. Gələn ilə söz verməyim, amma gəlin, 2027-ci ili gözləyək, görək, əziz sevənlərim.
Bu il sevdiklərimizlə vidalaşdıq...Əmim Efi, nənəmiz Gülşən... Ruhunuz şad, məkanınız cənnət olsun. Yoxluğunuz hiss olunur, sevginiz isə bizimlədir. Ölümü bir oyanış kimi görsəm də, insan səsinizi eşitmək, bir dəfə də olsa yanınızda oturmaq üçün darıxır...
Ağlayacağam ha... Nə isə... Bu gün aldığım nəfəsə, səsimə, sənətimlə sizə çata bildiyim hər günə şükür edirəm. Məni sevən, düşünən, dualarında mənə yer verən hər kəsə ürəkdən təşəkkür edirəm. Sizi sevirəm. Yaxşı ki, varsınız. Birlikdə daha çox gülək, mahnılar oxuyaq, gözəl günlər görək...".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.