
"Günlərdir ki, siyasi və ictimai müzakirələrin mərkəzində məhz Azərbaycanla Türkiyə arasında son günlərdə yaşanan hadisələr dayanırdı. Bu istiqamətdə təəssüf doğuran məqam ondan ibarətdir ki, biz bu cür addım və fikirləri hansı dövlətdən gözləsək də, Türkiyədən gözləmirdi".
Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova AVESTA.AZ-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cənab Prezident İlham Əliyevə zəng etməsi göstərdi ki, iki ölkə arasındakı münasibətləri müəyyənləşdirən əsas amil Liderlər arasında mövcud olan dostluq münasibətləridir:
"Təəssüf doğuran digər məqam isə bu telefon danışığının gec baş tutmasıdır. Zamanında bu addım atılsaydı, həmin kampaniya bu qədər çirkin səviyyəyə çatmazdı. Çünki Azərbaycan dövlətinin, Azərbaycan xalqının və onun Müzəffər Ali Baş Komandanının təhqir edilməsi haqlı olaraq bizdə narazılıq və hiddət doğurdu.
Türkiyənin böyük şəhərlərində, Ankara və İstanbulda səfirliyimiz və konsulluğumuz qarşısında altı aksiya təşkil edildi. Əslində, bu hadisələr AKP daxilindəki bəzi şəxslərin şəbəkə şəklində, sistemli formada hərəkət etdiklərini və münasibətləri böhran səviyyəsinə çatdırmaq üçün əllərindən gələni etdiklərini üzə çıxardı. Həmin şəxslərin müəyyənləşdirilməsi və Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilməsi Türkiyə cəmiyyətinin özündə də müsbət qarşılandı. Çünki həmin şəxslərin Türkiyədə də arzuolunmaz hesab edildiyi bildirildi. Bu insanlar təfriqə yaratmaq üçün çalışırlar.
Türkiyənin daxilində də təhlükə yaratmaq üçün bu insanlar əllərindən gələni edirlər. Onların əməlləri xəyanətdən başqa bir şey deyil. Məhz bu amillər bundan sonra da dəqiqliklə araşdırılmalı, həmin şəxslərin fəaliyyəti ilə bağlı ciddi tədbirlər görülməlidir".
Politoloq əlavə edib ki, narahat edən məqam Türkiyə dövlətinin prosesləri vaxtında cilovlamaması oldu:
"Şübhəsiz ki, biz dostuq, qardaşıq. Amma istər-istəməz bu məsələ qəlbimizdə yara açdı.
Çünki Müzəffər Liderimizin böhtanlara və təhqirlərə məruz qalması yolverilməz idi. Bu, bizi dərindən incitdi və sarsıtdı. Lakin müsbət məqam ondan ibarət oldu ki, Azərbaycan-Türkiyə münasibətlərinin həqiqətən də sağlam təməllər üzərində davam etdirilməsinin vacibliyi bəzi şəxslərin mövqeyində açıq və aydın şəkildə ifadə edildi. Binəli Yıldırımın və Dövlət Baxçalının mövqelərini açıq şəkildə ortaya qoymaları, təbii ki, müsbət məqam idi. AKP daxilində aparılan bu kampaniya təkcə Azərbaycanda deyil, Türkiyənin özündə də ciddi narazılığa səbəb oldu. Sekulyar dövlət tərəfdarları da bu kampaniyaya qarşı öz etiraz səslərini ucaltdılar.
Bu, sadəcə Azərbaycan-Türkiyə münasibətlərinə zərər vermədi, həm də Türkiyə cəmiyyətinə xələl gətirdi və onun imicinə təsir göstərdi. Lakin bütün bu hadisələr kimin həqiqətən Azərbaycanı sevdiyini və Azərbaycan-Türkiyə münasibətlərinin sağlam təməllər üzərində inkişafında maraqlı olduğunu bir daha nümayiş etdirdi".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.