
Türkiyə ilə Ermənistan sərhədində yerləşən, X əsrə aid tarixi Ani körpüsünün bərpası üzrə tender prosesi yekunlaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Kars vilayətindəki Ani arxeoloji ərazisində açıqlama verib.
Nazirin sözlərinə görə, İpək Yolu üzərində yerləşən körpü vaxtilə Şərqlə Qərb arasında ticarətin mühüm keçid məntəqələrindən biri olub. Gömrük-keçid məntəqəsi kimi inşa edilən tikilidən günümüzədək yalnız dayaqların qalıqları qorunub.
Tarixi körpünün ilkin uzunluğu 80 metr, eni isə 8 metr olub. Tikili Arpaçay çayının məcrasının 36 metrədək daraldığı hissədə yerləşir. Körpünün 31 metr uzunluğundakı dairəvi tağı 1807-ci il oktyabrın 16-da dağılıb.
Abdulkadir Uraloğlu xatırladıb ki, Ani arxeoloji ərazisi 21 mədəni irs nümunəsi ilə birlikdə 2016-cı ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bərpa işlərinin əsas məqsədi tarixi abidəni qorumaq və gələcək nəsillərə çatdırmaqdır.
Nazir bildirib ki, Türkiyə ilə Ermənistan arasında imzalanan protokol çərçivəsində bərpa işləri birgə komissiyanın koordinasiyası ilə aparılacaq.
Uraloğlunun sözlərinə görə, körpünün bərpası üzrə tender sentyabrın 16-da keçirilib. Sentyabrın 28-də isə müqavilə imzalanıb və bununla da tender prosesi başa çatıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.