
"Yanacaqla, xüsusilə benzin və dizellə işləyən avtomobillərin dövriyyədən çıxarılması birdən-birə mümkün deyil. 2035–2060-cı illəri əhatə edən bu proses mərhələli şəkildə həyata keçirilməli, ilk növbədə istismar müddətini başa vurmuş və ekoloji baxımdan əlverişli olmayan avtomobillərin yenilənməsinə başlanılmalıdır".
AVESTA.AZ-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, bu keçidin əsas məqsədi elektrik və alternativ enerji ilə işləyən avtomobillərin bazarda payını artırmaq, ekoloji təhlükəsizliyi və enerji səmərəliliyini təmin etməkdir:
"Lakin bunun üçün həmin avtomobillərin əhali üçün iqtisadi baxımdan əlçatan olması vacibdir. Əks halda, benzin və dizellə işləyən avtomobillərə tələbat hələ uzun müddət davam edəcək.
Dövlət tərəfindən stimullaşdırıcı proqramların tətbiqi, elektrik və alternativ enerji ilə işləyən avtomobillərin alınması üçün aşağı faizli kreditlərin verilməsi, eləcə də avtomobil kreditləri üzrə şərtlərin yumşaldılması bu keçidi sürətləndirə bilər.
Xüsusilə köhnə avtomobillərin utilizasiyası zamanı vətəndaşlara real iqtisadi təşviqlər təklif olunmalıdır. Məsələn, utilizasiyaya verilən avtomobillərin əvəzində yeni, ekoloji cəhətdən daha əlverişli nəqliyyat vasitələrinin alınması üçün güzəştli kredit mexanizmi tətbiq edilə bilər".
AQC sədri əlavə edib ki, avtomobil bazarında son illərdə istehsal olunmuş benzin və dizel avtomobillərinin də müəyyən müddət rəqabət qabiliyyətini qoruyacağı gözlənilir:
"Çünki elektrik avtomobillərinə keçid üçün bütün əhalinin kifayət qədər maliyyə imkanları yoxdur.
Ona görə də əsas məsələ yalnız ənənəvi yanacaqla işləyən avtomobillərdən imtina etmək deyil, vətəndaşlara alternativ seçimlər yaratmaqdır. Bu proses iqtisadi imkanlar nəzərə alınmaqla, mərhələli və stimullaşdırıcı mexanizmlər əsasında həyata keçirilməlidir".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.