
Bu ilin yanvar-sentyabr aylarında “AzerGold” QSC tərəfindən 36,384 unsiya qızıl ixrac edilib.
“Report”un “AzerGold”a istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7 % azdır. Bununla bu ilin ilk 9 ayı üçün müəyyənləşdirilmiş qızıl ixracı planı 30 % artıq icra edilib.
Bu ilin yanvar-sentyabr aylarında “AzerGold” tərəfindən 77,355 unsiya gümüş ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 % azdır. Ancaq bununla belə, bu ilin 9 ayı üçün müəyyənləşdirilmiş gümüş hasilatı planı 45 % artıq icra edilib.
Xatırladaq ki, bu ilin ilk 9 ayı üzrə ixrac göstəricilərində ötən illə müqayisədə müşahidə edilən nisbi azalma QSC-nin istismarı aparılan əsas qızıl mədəni olan “Çovdar”ın sulfid mərhələsi üzrə filizləşmə xüsusiyyətləri ilə bağlıdır və geoloji reallığı əks etdirir. Belə ki, hazırda qızıl mədənində oksid fazasından mürəkkəbliyi ilə seçilən sulfid qatına keçid mərhələsində daha aşağı zənginlikdə olan filizlərin hasilatı aparılır. Bununla belə, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.
Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarında yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.